
Azərbaycanda neft sektorundan başqa digər sahələrin nəzərəçarpacaq inkişafı müşahidə olunmasa da, son illər kənd təsərrüfatının dirçəldilməsi istiqamətində dövlət səviyyəli müxtəlif tədbirlər həyata keçirilir, proqramlar qəbul olunur. Bu xüsusda kənd təsərrüfatı istehsalçılarının müxtəlif texnikalarla, mineral gübrələr və texnoloji avadanlıqlarla təchizatı sahəsində atılan addımlar daha çox diqqəti çəkir.
Qeyd olunan istiqamətlər üzrə kənd təsərrüfatı istehsalçılarına hərtərəfli xidmət göstərilməsi məqsədilə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin yaradılması isə sözügedən sahədə fundamental dəyişikliyin baş verəcəyinə böyük ümidlər yaratdı. Bəs görəsən, ümidlər doğrulurmu? «Aqrolizinq» üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilirmi? ASC-nin fəaliyyətində korrupsiya meyilləri varmı və şəffalıq prinsiplərinə əməl olunurmu? Sahibkarlar «Aqrolizinq»in imkanlarından yararlana bilirlərmi?
Bütün bu suallara aydınlıq gətirmək məqsədilə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini araşdırmaq qərarına gəldik.
***
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı əsasında yaradılıb. Prezidentin 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli və 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamları ilə cəmiyyətin fəaliyyəti genişləndirilib.
Cəmiyyətin əsas vəzifəsi kənd təsərrüfatı məhsulu istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək və onlara aqrotexniki xidmətlər göstərməkdən ibarətdir. Cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, becərmə, məhsul yığımı və sair cəmi 20 addan çox müxtəlif xidmət işləri yerinə yetirir (yaxud yerinə yetirməlidir), məhsulun müasir texnologiyaya uyğun istehsalında onlara köməklik göstərir (yaxud göstərməlidir).
ASC-nin 4 rayonlararası təchizat bazası, 55 təsərrüfat hesablı rayon aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri, Bakı şəhərində 1 mərkəzi təchizat bazası xidmət göstərir.
Cəmiyyətin İdarə Heyəti 5 nəfərdən (3 nəfər Kənd Təsərrüfatı Nazirliyindən, 2 nəfər isə İqtisadi İnkişaf Nazirliyindən), Müşahidə Şurası 5 nəfərdən (2 nəfər İqtisadi İnkişaf Nazirliyindən, 2 nəfər Kənd Təsərrüfatı Nazirliyindən, 1 nəfər Maliyyə Nazirliyindən), Təftiş Komissiyası 3 nəfərdən (1 nəfər Kənd Təsərrüfatı Nazirliyindən, 1 nəfər İqtisadi İnkişaf Nazirliyindən və 1 nəfər Maliyyə Nazirliyindən) ibarətdir.
«Aqrolizinq» ASC-nin fəaliyyət istiqamətləri bir sıra dövlət proqramları və prezident fərmanları ilə də müəyyənləşdirilir. Məsələn, ötən il avqustun 25-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə «2008-2015 illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsullarıi ilə etibarlı təminatına dair Dövlət Proqramı» təsdiq edilib.
***
Təşkilat 2005-2008-ci illərdə dövlət büdcəsində və digər mənbələrdə nəzərdə tutulmuş vəsait hesabına xarici ölkələrdən 565 ədəd taxılyığan kombayn, 1484 ədəd traktor, 120 ədəd ekskavator, 4023 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, 7 yem, 6 süd zavodu və 6 soyuducu kamera nəzərə almaqla 19 dəst texnoloji avadanlıq, eləcə də 236,9 min ton mineral gübrə və 294,3 min litr pestisid alıb.
Müasir texnika, texnoloji avadanlıqlar və mineral gübrələrin ölkəyə gətirilməsi üçün 2008-ci ildə dövlət büdcəsindən 37,5 milyon manat vəsait ayrılıb (texnika üçün 11,3 milyon manat; texnoloji avadanlıqlar üçün 2,5 milyon manat; mineral gübrələrin alınması üçün 23,7 milyon manat).
Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan 2008-ci ilin dövlət büdcəsində «Aqrolizinq» ASC-yə 25 milyon manat vəsait ayrılıb (mineral gübrələrin alınmasına 10 milyon manat; yüksək reproduksiyalı buğda toxumunun alınmasına 5 milyon manat; regional logistik bazaların yaradılması və xüsusi anbarların tikintisinə 6,5 milyon manat; damazliq heyvanların alınmasına 3 milyon manat; damazlıq heyvanların karantin müddətində saxlanılmasına 0,5 milyon manat).
Texnikaların gətirilməsi 2009-cu ildə də davam etdirilib. Bu il bağlanmış müqavilələr əsasında alınmış və alınacaq texnikalar barədə bir qədər sonra söhbət açacağıq.
***
Texnikadan istifadəyə görə bu vaxta qədər icarə haqqı kimi 30 milyon manata yaxın vəsait yığılaraq Nazirlər Kabineti tərəfindən idarə edilən Tərəfdaşlıq Fonduna köçürülüb. Amma bu rəqəm dəqiq deyil. Məsələ burasındadır ki, texnikanın icarəyə verilməsi və digər xidmətlərdən əldə olunan vəsait barədə məlumatlar müxtəlifdir. Bu vəsaitin 10 milyon manat olduğunu deyənlər də var, 20 milyon manat olduğunu iddia edənlər də. Bu barədə rəsmi mənbələrdən dəqiq məlumat almaq çətindir.
Yığılmış vəsaitdən təkrar istifadə hesabına 2008-ci ildə 9,5 milyon manat dəyərində mineral gübrələr, 7,1 milyon manat dəyərində müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və 2,1 miloyn manat dəyərində texnoloji avadanlıqlar alınıb. O cümlədən1285 ədəd traktora qoşulan müxtəlif növ kənd təsərrüfatı maşınları, 649 ədəd traktor, 7 dəst texnoloji avadanlıq, 70 min ton ammonium-nitrat gübrəsi, 28,16 min ton superfosfat gübrəsi və 2 min ton nitroammofoskal gübrəsi.
2008-ci ildə lizinqə 1357 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, 382 ədəd traktor, 17 ədəd taxılyığan kombayn verilib. Bu ilin birinci yarisinda lizinqə verilmiş texnikanın ümumi sayı isə belədir: 776 ədəd traktor, 36 ədəd taxılyığan kombayn, 50 ədəd ekskavator, 1607 ədəd digər kənd təsərrüfatı maşınları.
Göründüyü kimi, «Aqrolizinq» ASC vasitəsilə ölkəyə gətirilmiş kənd təsərrüfatı texnikasının heç də hamısı lizinqə verilməyib. Əgər bu vaxta qədər cəmi 40-a yaxın kombayn, 800-ə yaxın traktor və 50 ədəd ekskavator lizinqə verilibsə, onda ortaya belə bir sual çıxır: adı çəkilən kənd təsərrüfatı maşınlarına tələbat bu qədər böyük deyilsə, milyonlarla manat vəsait sərf edib, tələbatdan çox-çox artıq sayda texnikanın alınması və onların anbarlarda saxlanılmasının mənası nədir?
Adi hesablamalardan görünür ki, bu gün anbarlarda 529 ədəd taxılyığan kombayn, 708 ədəd traktor, 70 ədəd ekskavator və 2416 ədəd müxtəlif kənd təsərrüfatı texnikası «mürgü vurur». Bu xüsusda Hesablama Palatasının araşdırmaları da diqqətçəkəndir. Qurumun hsablamalarına görə, ölkəyə gətirilən texnikanın 40 faizi ya keyfiyyətsizlik, ya da tələbata cavab verməməsi üzündən anbarlarda qalıb. Bu isə milyonlarla büdcə vəsaitinin səmərəsiz xərcələndiyini göstərən real nümunələrdən biridir.
***
1998-2003-cü illərdə Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına 773 ədəd kənd təsərrüfatı texnikası alınaraq ölkəyə gətirilib. Həmin texnikaların istifadəsindən Tərəfdaşlıq Fonduna yığılmış vəsait hesabına 2004-cü ildə Yaponiyadan əlavə olaraq 62 ədəd taxılyığan kombayn, 64 ədəd traktor və 226 ədəd digər kənd təsərrüfatı maşını gətirilib.
Yaponiya ilə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib. 2005-ci ildə 2 KR layihəsinin davamı olaraq, Kənd Təsərrüfatı Nazirliyinə 200 milyon yen ayrılıb. Bu vəsait hesabına 25 ədəd “SAMPO” markalı taxılyığan kombayn alınıb. Bundan başqa, 2006-cı ildə Tərəfdaşlıq Fonduna yığılan vəsait hesabına Yaponiyadan daha 40 ədəd taxılyığan kombayn, 40 ədəd traktor, 126 ədəd digər kənd təsərrüfatı texnikası gətirilib.
Ötən il isə Yaponiya hökumətinin ölkəmizə ayırdığı qrantın həcmi 350 milyon yen və ya 3,398 milyon dollar olub. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, bu vəsait də kənd təsərrüfatı texnikasının alınmasına yönəldilib. Ötən ilin məlumatlarına görə, Yaponiya hökumətinin ayırdığı qrant hesabına ölkəyə xaricdən 773 ədəd müxtəlif kənd təsərrüfatı texnikası - 212 ədəd traktor, 207 ədəd taxılyığan kombayn, 186 ədəd kotan, 148 ədəd toxumsəpən və 20 ədəd rotasion mala gətirilib.
***
«Aqrolizinq» ASC-yə 2009-cu ilin dövlət büdcəsində 37,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına 29,1 milyon manat dəyərində traktor, kombayn və digər kənd təsərrüfatı texnikaları, 3,9 milyon manat dəyərində texnoloji avadanlıqlar və 4,5 milyon manat dəyərində mineral gübrələrin alınıb ölkəyə gətirilməsi nəzərdə tutulur.
5,7 milyon manat dəyərində taxılyığan kombaynın alınması məqsədilə Rusiyanın «Rostselmaş» zavodu (Rostov Kənd Təsərrüfatı Maşınları Zavodu) ilə müqavilə imzalanıb. Göstərilən vəsaitin hesabına ölkəyə 100 ədəd «Niva» markalı taxılyığan kombayn gətirilib. Bundan əlavə, 80 ədəd «Sampo» markalı taxılyığan kombaynın ölkəyə gətirilməsi də təmin olunub. Amma bu da hələ son deyil.
Gəncə avtomobil zavodu ilə bağlanmış müqaviləyə əsasən, 2009-cu ildə müxtəlif gücə malik 500 ədəd «Belarus» MTZ markalı traktor alınacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, traktorların böyük hissəsi artıq alınıb. Amma maraqlıdır ki, «Aqrolizinq» ASC nə kombaynların, nə də traktorların seriyasını açıqlayır. «Rostselmaş» zavodunun istehsal etdiyi «Niva» kambaynları bəlli və ən ucuz marka olsa da, «Sampo» kambyanları «Niva» ilə müqayisədə bahalıdır və bu maşınların çeşidli seriyaları var. Azərbaycana hansı seriyadan olan kombaynlarının gətirələcəyi məlum deyil.
Apardığımız araşdırmanın nəticələrinə görə, «Rostselmaş» zavodunun istehsal etdiyi kombaynların sırasını «TORUM 740», «ACROS 530/535/560», «VEKTOR 410/420» seriyalı kənd təsərrüfatı maşınları ilə genişləndirmək olar. «Rostselmaş» zavodunun rəsmi internet saytında (http://www.rostselmash.com) yerləşdirilmiş məlumatlardan da görünür ki, Azərbaycana gətiriləcək «Niva» markalı kombaynlar hazırkı dövrün tələblərinə o qədər də cavab vermir. «Rostselmaş»ın saytında, istehsal olunan maşınların təqdimat bölümündə «Niva» ən sonuncu yerdə dayanır. Onun qiymətinə və ya Azərbaycana hansı qiymətə satılacağına gəldikdə isə, bunu müəyən etmək üçün «Aqrolizinq» ASC-nin «Rostselmaş» zavodundan alınan 100 kombayna görə sərf etdiyi vəsaitə diqqət yetirmək kifayətdir – 5,7 milyon manat. Adi riyazi hesablama aparsaq, «Aqrolizinq»in sözügedən zavoda bir «Niva» kombaynına görə 60 min dollardan bir qədər çox vəsait ödədiyini müəyyən etmək olar.
«Sampo» kombaynlarına gəldikdə isə, bu markanın da bir neçə seriyası mövcuddur. Finlandiya istehsalı olan «Sampo»ların da model və seriyası çeşidlidir. Yeri gəlmişkən, qeyd edək ki, «Sampo» kombaynlarının MDB məkanındakı satışını daha çox bu firmanın (Rəsmi adı: «Sampo Rosenlew») Ukraynadakı təmsilçiliyi təşkil edir. http://www.sampo.kiev.ua saytındakı məlumatlara görə, «Sompo» Azərbaycanda artıq iki tenderin qalibi olub. Amma bu tenderlərin nə vaxt keçirildiyi məlum deyil. «Sampo» taxılyığan kombaynlarının modellərinə gəldikdə isə, bu sırada SR2035, SR2045, SR2065, SR2085 TS, SR3065, SR3085L TS kimi maşınları göstərmək olar.
O ki qaldı «Sampo» kombaynlarının qiymətinə, bu da seriyalara müvafiq olaraq dəyişir. Məsələn, əgər 2006-cı il istehsalı olan SR3085 seriyası 160 min avrodursa, yeni istehsal edilən SR3065 seriyası 95 min 918 avroyadır. Bu maşınlardan hansının Azərbaycana gətiriləcəyini isə «Aqrolizinq» ASC nədənsə açıqlamır.
Gəncə Avtomobil Zavodunda yığılan traktorlar da müxtəlif modellərə bölünür və maşınların texniki imkanlarına görə qiymətlər də fərqlənir. Məlum deyil ki, «Aqrolizinq» ASC Gəncə Avtomobil Zavodundan hansı model traktor alacaq.
Alınmış texnikanın hazırkı sayına gəldikdə isə, bu barədə ortada olan məlumatlar heç də bir-birini tamamlamır. Məsələn, götürək kombaynların sayı ilə bağlı rəsmi şəxslərin açıqlamalarını. «Aqrolizinq» ASC-nin İdarə Heyətinin sədri Əli Bayramovun bu il fevral ayının 28-də «Respublika» qəzetində (№ 047 (3475)) dərc olunmuş yazısında həmin dövr üçün cəmiyyətə məxsus kombaynların sayı 541 göstərilib. Ötən müddət ərzində 100 ədəd «Niva», 80 ədəd də «Sampo» markasından olmaqla ölkəyə cəmi 180 kombayn gətirilib (2009-cu ilin iyun ayına qədərki dövr nəzərdə tutulur).
Deməli, Ə.Bayramovun göstərdiyi rəqəmlərə əsasən, ASC-nin ixtiyarında 721 taxılyığan kombayn olmalıdır. Amma «Aqrolizinq» ASC-nin Maliyyə İqtisad Şöbəsinin rəisi Kamal İsmayılovun bizə verdiyi açıqlmaya görə, ASC yaranandan bu vaxta qədər ölkəyə 745 kombayn gətirilib. Ə.Bayramovun göstərdiyi rəqəmlə onun açıqladığı rəqəm arasında nə az, nə çox, düz 24 kombayn fərq var. Cəmiyyətin İdarə Heyətinin sədr müavini Aydın Əzizovdan aldığımız rəqəmlər isə sədrin təqdim etdiyi rəqəmlərdən daha kəskin fərqlənir. A.Əzizovun sözlərinə görə, «Aqrolizinq» bu ilin iyun ayına qədər ölkəyə 781 kombayn gətirib.
Göründüyü kimi, ASC rəhbərliyinin açıqlamalarında ciddi ziddiyətlər var və buna traktorların sayı ilə bağlı açıqlamalarda da rast gəlinir. Məsələn, A.Əzizov Gəncə Avtomobil Zavodundan 2009-cu ildə 500 traktor alındığını bildirsə də, K.İsmayılov bu rəqəmin 700-yə yaxınlaşdığını deyir. Onun sözlərinə görə, 500 traktor Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığın birinci və ikinci illərində alınıb. Əgər K.İsmayılovun sözlərinə inansaq, belə çıxır ki, «Aqrolizinq» Gəncə Avtomobil Zavodundan iyun ayına qədər 1200-ə yaxın traktor alıb. Amma məsələ burasındadır ki, həmin zavod 1000-ci traktorununun təqdimat mərasimini bu il aprelin 6-da keçirib…
***
Bir sıra mənbələrdən əldə olunan məlumatlara görə, «Aqrolizinq» ASC keyfiyyətli texnika əvəzinə, ucuz Çin və Koreya maşınları alaraq onları, məsələn, keyfiyyətli yapon texnikasının qiymətinə rəsmiləşdirir. Bu barədə əlimizdə yetərli faktlar olmasa da, araşdırmalarımız zamanı aşkar edə bildik ki, «Aqrolizinq»in bir neçə il öncə keçirdiyi tenderlərdən birində məhz Çin firması qalib gəlib. Həmin dövrdə adıçəkilən qurumdan Çin kombayınlarının fermerlərə hansı qiymətə lizinqə veriləcəyinə dair açıqlamalar da verilib və qeyd olunub ki, Çin kombayanlarının lizinq qiyməti 36.740 dollar təşkil edəcək.
Qeyd etmək yerinə düşər ki, Çin şirkətləri - HOWO, Foton, Cohn Deere, Sinoharv, Dong Feng, Tie Ma, Chang Lin, Lin Gong –un istehsal etdiyi 4LZ-2A, 1048, 3518CTS, AF6150, D180 seriyalı, Koreya istehsalı olan Gleaner R42/62/72 seriyalı kombaynların Azərbaycana gətirildiyini iddia edənlər var. Bu iddialarla bağlı bəzi dəqiqləşdirmələr apardıq və məlum oldu ki, bu gün «Aqrolizinq»in rayonlardakı «Aqroservis» filiallarında həqiqətən də Çin istehsalı olan kombayn və traktorlar var.
Bunu «Aqrolizinq» ASC-nin maliyyə-iqtisad şöbəsinin müdiri Kamal İsmayılov da gizlətmir. O, bizimlə söhbətində ölkəyə Çin texnikasının gətirildiyini təsdiqlədi: «Çin istehsalı olan kombaynımız da var, traktorumuz da. Bu texnikalar 2005-ci ilin sonu, 2006-çı ilin əvvəlində gətirilib. Çin kombaynları məhsuldarlıq və taxılı itkisiz biçmək baxımından o birilərindən geri qalmır. Sadəcə, bu kombaynlarının işlədiyi sahələr rahat olmalıdır, dağ-dərə olmamalıdır. Hər texnikanın öz iş yeri var».
Gətirilmiş texnikanın yerlərdəki «Aqroservis» filialları üzrə bölgüsünün hansı əsasla aparılması və onların ayrı-ayrıı rayonlardakı sayına dair sualımızı isə K.İsmayılov belə cavablandırdı: «Mən bunu əzbər deyə bilməyəcəm. 55 rayon var, ayrı-ayrı şəxslər texnika götürüb. Gərək rəqəmləri toplayıb, sonra cavab verim. Ümumi şəkildə deyə bilərəm ki, texnikanı lizinqə götürmək istəyənlər bizə sifariş verir. O ki qaldı bölgünün hansı əsasla aparılmasına, bu məsələ bilavasitə tələbata əsaslanır. Tələbat nə qədərdisə ona uyğun da bölgü aparılır».
Torpağa bağlı olan insanlarla apardığımız söhbətlərdən, eləcə də rayonlarda aparılan müşahidələrdən belə aydın olur ki, fermerlər əkin-biçin zamanı ayrı-ayrı şəxslərdə olan köhnə sovet texnikasından istifadə etməyə daha çox üstünlük verirlər. Belə iddia olunur ki, lizinqin şərtləri ağır olduğundan, fermərlər bunun altına girməyə həvəs göstərmirlər. Amma cənab İsmayılov bununla razılaşmır. Onun sözlərinə görə, əkin-biçinlə məşğul olan insanların lizinqə marağı ildən ilə artır: «Sovetlər dövründən qalan texnika artıq köhnəlib, günə bir saat, iki saat belə işləyə bilmir, tez sıradan çıxır, təmirinə çox vaxt gedir. Bu gün kənd təsərrüfatına xidmət edən texnika yalnız bizim vasitəmizlə alınan texnikadır».
Amma «Aqroservis» ASC-nin ölkəyə gətirdiyi maşınların keyfiyyətinin qənaətbəxş olmadığını idda edənlər az deyil. Üstəlik, Hesablama Palatasının da bu məsələ ilə bağlı xüsusi açıqlaması olub. Qeyd olunub ki, ölkəyə gətirilmiş texnikanın 40 faizi ya keyfiyyətsizlik, ya da tələbata cavab verməməsi üzündən anbarlarda qalıb. Bununla bağlı sualımızı cavablandıran «Aqrolizinq» yetkilisi texnikanın keyfiyyətsiz olması barədə deyilənləri qəbul etmədi: «Biz texnikanı tenderlə alırıq. Əvvəlcədən şərtimizi açıqlayırıq və təsnifat yazırıq. Tenderi udan şirkətlər də buna uyğun olaraq texnika təqdim edirlər. Gətirilən texnika bağlanan müqaviləyə, müqavilə isə bizim təsnifata uyğun olmalıdır. Kiminsə texnikası hansısa səbəbdən qırılırsa, bunu həmin texnikanın keyfiyyətsizliyi kimi təqdim etmək doğru deyil».
Sahibkarların yerlərdəki «Aqroservis»lərdə süni problemlərlə üzləşdiklərinə dair məlumatlar da kifayət qədərdir. İmişlidən olan fermer Nüsrət Rüstəmov iddia edir ki, hər adam lizinqə texnika götürə bilmir, bunun üçün gərək «yuxarıların» tapşırığı olsun: «Biz hələ də dost-tanışda olan köhnə kombayn və traktorlardan istifadə edirik. «Aqroservis»dən texnika almaq çox çətin məsələdir. Hər adama vermirlər, müxtəlif bəhanələr gətirirlər. Gərək kimsə tapşırsın. Mən başa düşə bilmirəm, bu boyda texnikanı kimin üçün gətirirlər?»
N.Rüstəmov «Aqroservis»lərdəki gübrənin qiymətindən də gileylənir. Bazarlarda bu məhsulun daha ucuz satıldığını deyən fermer gübrələrin də yalnız xüsusi adamlara verilidiyini bildirdi: «Onlar da həmin malı bəzən bazara çıxarıb satırlar ».
«Aqrolizinq» ASC-nin İdarə Heyətinin sədr müavini Aydın Əzimov deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, təmsil etdiyi qurum gətirdiyi texnikanı iki istiqamət üzrə sahibkarlara verir: «Biz qarşımıza əsas məqsəd qoymuşuq ki, yerlərdəki texnikanı sahibkarlara lizinqə verək. Texnika almaq istəyən sahibkar bizə müraciət edir, texnikanın dəyərinin 20 faizini əvvəlcədən ödəyir. Bundan sonra biz ona bir il müddətinə möhlət veririk. Yerdə qalan məbləğ isə 9 il ərzində ödənilməlidir. Yəni texnikanı 10 il müddətinə lizinqə veririk. İkinci istiqamət isə servis xidmətlərilə bağlıdır, texnika almağa imkanı olmayanlar yerlərdəki «Aqroservis»lərə müraciət edir və bağlanmış müqaviləyə əsasən həmin sahibkarın sifarişi üzrə xidmət göstərilir».
A.Əzimov ucuz Çin texnikasının alınması barədə açıqlaması isə daha bir ziddiyətli məqamı ortaya çıxarır. «Aqrolizinq» ASC-nin Maliyyə-İqtisad Şöbəsinin rəisi K.İsmayılov Çin texnikasının 2005-2006-cı ildə gətirlidiyini bildirsə də, A.Əzimov bunun 2007-ci ildə də baş verdiyini deyir.
Gübrələrin qiymətinə və bazarda satışa çıxarılmasına dair iddialara gəlidikdə, A.Əzimov bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil: «Biz gübrə satışı barədə məlumatları mətbuatdan izləyirik. Bəzən ortaya belə suallar çıxır ki, nə üçün «Aqrolizinq»də gübrənin qiyməti bahadır və nə üçün bazarda satılır. Gətirdiyimiz gübrələrin kisəsi üzərində bizim öz emblemimiz var və orada aydın şəkildə yazılıb ki, bu məhsulun satışı qadağandır. Əgər gübrəni hansısa sahibkar alıb bazara çıxarırsa, bu qeyri-qanunidir. Biz bununla bağlı müvafiq qurumlara da məlumat vermişik».
Yeri gəlmişkən, qeyd edək ki, bu gün gübrənin bir tonu bazarda 165-170 manata satılırsa, «Aqrolimzinq»də qiymət 200 manatdır.
Salyandakı fermer təsərrüfatlarından birinin rəhbəri olan Elçin Əzizov da bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, əkdikləri taxıl sahələri üçün "Aqrolizinq" ASC-nin Salyan bölməsindən güzəştli qiymətə gübrə almaq istəyib, amma qiymətlər çox baha olduğundan fikrindən daşınıb. Fermerin iddiasına görə, dövlətin onlara 50 faiz güzəştlə verilməli olan gübrə bazarlarda daha ucuzdur. Elçin Əzizov deyir ki, "Aqrolizinq" onlara gübrəni 100 faizlik qiymətlə satır. Üstəlik, hələ dövlətdən də güzəşt alır.
Bu məsələyə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Abbasov belə bir maraqlı münasibət bildirmişdi: «Bazarda satılan azot gübrəsilə "Aqrolizinq"in təklif etdiyi gübrələrin tərkibində fərq var. "Arqolizinq"in gübrəsi daha keyfiyyətlidir». Amma «Aqrolizinq» ASC o vaxt da bunu gübrənin baha qiymətə alınması ilə əlaqələndirmişdi.
Bir müddət əvvəl «Aqrolizinq» ASC-nin Ağcəbədi rayon «Aqroservis» filialının müdiri məhz gübrə məsələsinə görə həbs olunub. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, Ağcabədi filialına ayrılmış gübrələr filialın müdiri Qasım Kərimov tərəfindən anbardan, bir çox halda isə dəmir yolu stansiyalarından topdansatış qaydasında ayrı-ayrı şəxslərə nağd pula satılıb, 307260.78 manat vəsait mənimsəmə və israf etmə yolu ilə talanıb.
Nəticə: «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti vasitəsilə ölkəyə tələbatdan çox-çox artıq sayda kənd təsərrüfatı texnikası gətirilib. Ölkəyə gətirilmiş texnikanın heç 50 faizi lizinqə verilməyib. Alınmış kombaynların lizinqə verilməsində isə vəziyyət daha acınacaqlıdır. «Aqrolizinq»in ölkəyə gətirdiyi kombayanların heç 10 faizi lizinqə verilməyib. Bu isə bir tərəfdən milyonlarla Azərbaycan manatının dəmir kostruksiyalar şəklində anbarlarda yatdığını göstərirsə, digər tərəfdən də lizinqin şərtlərinin sahibkarları qane etməməsindən xəbər verir. Bundan başqa, sahibkarlarla lizinqlə bağlı qeyri-müəyyən səbəblərdən süni əngəllər yaradıldığına dair iddialar da əsassız görünmür. Ortadakı faktlar həmçinin onu göstərir ki, fermerlər taxılın qiymətinin aşağı olması səbəbindən əkin-biçinə o qədər də maraq göstərmirlər.
Gübrələrin fermerlərə güzəştlərlə verilməsi də hələlik real deyil. Bazarda gübrənin qiyməti «Aqrolizinq»inydəki qiymətlərdən aşağıdır. Bu səbəbdən də fermerlər qurumun yerlərdəki «Aqroservis» filiallarının qapısını döyməyə həvəs göstərmirlər. Deməli, yaranmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq «Aqrolizinq» hələ də özünü doğrultmur…
Xüsusi qeyd: Araşdırmamızdan sonra da «Aqrolizinq» ASC tərəfindən ölkəyə kənd təsərrüfatı texnikası gətirilib. Son üç ayda ölkəyə gətirilmiş texnikaların sayı barədə dəqiq rəqəmlər açıqlanmadığından araşdırmamızda yalnız aprel-may aylarına olan məlumatlardan istifadə etmişik.
Onu da qeyd edək ki, «Aqrolizinq» ASC prezidentin fərmanı ilə bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilib.
Xüsusi olaraq mediaforum ücün
Bu xəbər 3769 dəfə oxunub. |