Azərbaycanlı müğənnilərin Haaqadakı konsertində bomba həyəcanı ( 24 Mar 2009 saat 22:31:23 )
Əməkdar artist Almaz Ələsgərli və gənc müğənnilər Qismət və Mehrimin martın 22-də Hollandiyanın Haaqa şəhərində verdikləri konsert zamanı insident baş verib. Konsertin təşkilatçısı, yerli şou-biznes aləmində Avropa prodüsseri kimi tanıdığımız, "Sultan production"un rəhbəri Sultan Mustafayevin PRESSPOST-a verdiyi məlumata görə, müğənnilər Hollandiyada çox ciddi problemlərlə qarşılaşıblar. Belə ki, konsert başlamazdan 2-3 saat əvvəl, çox sayda polis zala daxil olaraq axtarışa başlayıb. Təşkilatçı nə baş verdiyi ilə maraqlananda, polis zala bomba qoyulması barədə məlumat daxil olduğunu bildirib. Axtarışdan sonra polis tərəfindən həmin zalın müğənnilər olan hissəsindən bombaya oxşar qara bağlama tapılıb. Həmin bağlama polisə aparılıb. Hollandiya polisindən Sultan Mustafayevə verilən açıqlamada bildirilib ki, bu, düşmənlərimiz olan ermənilər tərəfindən bizə qarşı edilən təxribatdır. Hazırda faktla bağlı təhqiqat aparılır. Konsert salonunun ətrafındakı kameralar yoxlanılır. Nəticə barədə məlumat veriləcək. Qeyd edək ki, təhlükəsizliyə tam əmin olunduqdan sonra tamaşaçılar zala buraxılıb. Konsert isə təyin olunmuş vaxtdan 2 saat 15 dəqiqə gec başlayıb. Baş verən hadisə tamaşaçılardan gizlədilsə də, sənətçilərimiz əməlli-başlı stress keçiriblər.
Qeyd edək ki, müğənnilər martın 21-də Belçikanın Brüssel şəhərində də konsert proqramı ilə çıxış ediblər.