Nəzakət Teymurova İsveçrənin iki şəhərində konsert verib ( 25 Mar 2009 saat 11:27:06 )

Səfirliyimizin təşkil etdiyi konsertlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub
 23 və 24 mart tarixlərində İsveçrənin Cenevrə və Sürix şəhərlərində Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib. Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə N.Teymurovanı Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) müşayiət ediblər. Konserti Azərbaycanın İsveçrədəki səfirliyi təşkil edib.
Hər iki şəhərdə muğam konsertləri böyük uğurla keçib. BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş, habelə İsveçrəyə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, İsveçrənin Federal və yerli hakimiyyət rəsmiləri və diasporumuzun nümayəndələri hər iki tədbirə qatılıblar və sənətkarlarımızın ifalarını sürəkli alqışlarla qarşılayıblar.
Konsertlərdən dərhal sonra musiqiçilərimizin şərəfinə ziyafətlər təşkil edilib.
Bu xəbər 1674 dəfə oxunub. |