“NARDARAN ETTELAAT-ın OCAĞIDIR!” ( 01 Feb 2010 saat 14:43:55 )

Azərbaycanın İrandakı kecmiş səfiri Eliyar Səfərlinin “Millətim” qəzetinə verdiyi müsahibə.
Əliyar Səfərli: “Dini Qurumlarla İs üzrə Komitənin, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti yox dərəcəsindədir!”
Əliyar Səfərli: “Ziya Bünyadovun ölümündən bir il əvvəl 8 səhifə məktub yazıb, Xarici İşlər nazirliyinə göndərmişdim. Məktubda bildirmişdim ki, İran Ziya Bünyadovu öldürmək üçün hazırlıq işləri aparır. Ziya Bünyadovun işi ilə bağlı Respublika Prokurorluğuna məni də dəvət etdilər ki, bəs sizin fikriniz nədir? Orada bildirdim ki, bununla bağlı bir il bundan öncə məktub yazmışam, niyə araşdırılmayıb? Mənə dedilər ki, elə məktub ola bilməz. Bildirdim ki, Xarici İşlər nazirliyinin arxivindən tələb edin, gətirib göstərsinlər. Düz yarım saatdan sonra həmin məktubun sürətini gətirdilər və bütün prokurorluq vahiməyə düşdü. Mənə dedilər ki, məktubda bütün hər şeyi təsvir etmisən. Bunu mən nazirə demişdim, müxtəlif idarələrə demişdim, hətta Ziya Bünyadovun özünə də demişdim ki, İran sənin əleyhinə çox böyük işlər aparır, sizə qarşı böyük təxribat ola bilər. Mənə dedi ki, qorxma...”
“İranın bir sıra təxribatçıları Nardarana gələrək camaat arasında təbliğat-təşviqat işləri aparır. Xüsusilə panfarsist ideologiyasını əhalinin beyninə yeridir. Təsəvvür edin ki, İran mollaları Nardaranda və bir çox kəndlərdə xürafatı, avamlığı təbliğ edir. Çalışırlar xalqımızın siyasi, milli süurunu öldürsünlər. İranın məqsədi odur ki, panfarsizm ideologiyasına əsaslanan islam inqilabını Azərbaycan Respublikasına ixrac edə bilsin. Bunun üçün təxribatçı mollalar burada çox geniş şəbəkələr yaratmaqdadır
Əliyar Səfərli: “Bənəniyar hadisəsini hansısa partiya ilə bağlamaq doğru deyil. Bənəniyar hadisəsi də Nardaran kimi İranın apardığı təbliğat-təşviqat işinin məntiqi nəticəsidir. Mənim aldığım məlumata görə, neçə illərdir ki, Bənəniyarda İran mollaları fəaliyyət göstərir”
Tanınmış alim və ictimai xadim, 1994-98-ci illərdə ölkəmizi İran İslam Respublikasında təmsil etmiş Əliyar Səfərli ilə söhbətimiz çox maraqlı alındı. Həmsöhbətimiz son zamanlar ölkəmizdə gedən böyük quruculuq işlərindən söhbət açdı, ancaq müəyyən məqamlara görə təəssüf hissini də büruzə verdi. Xüsusilə İranın molla-fars rejiminin ölkəmizdə törətdiyi təxribatlardan söhbət açıldıqda ağsaqqal alim əsəbini gizlədə bilmirdi. Necə də gizlətsin axı, Əliyar müəllim millətsevər, dövlətçiliyimizə kifayət qədər sədaqətlə xidmət etmiş gözəl insan və ziyalıdır. Siyasi və maddi kapital toplamaq istəyənlərdən fərqli olaraq, o, heç bir şəxsi təmənnası olmadan Güney Azərbaycanın problemləri, ümumiyyətlə, Azərbaycanın bütövlüyü uğrunda əlindən gələni etməyə çalışır. Qərəzsiz, obyektiv insan kimi bütün baş verənləri elə gözəl təhlil edirdi ki, vaxtın necə gəlib-keçdiyini hiss etmədik. Əliyar Səfərlidən öyrənmək hamının borcudur. Bu səbəbdən də ona çox sayda suallar vermək əvəzinə, sakitcə dinlədik. İstədik ki, ürəyindən nə keçdiyini, ölkəmizdə baş verənlərə özü münasibətini bildirsin. Bir sözlə, görüş üçün ayırdığımız 3-4 saat zamana nəinki heyifsiləndik, əksinə bu zamanın belə tez keçdiyinə çox təəssüfləndik. Ona ilk sualımız son gunlərdə Naxçıvan MR-nın Bənəniyar kəndində baş verən hadisələrlə bağlı oldu.
- Mən Bənəniyar kəndində bir neçə dəfə olmuşam. Kənd camaatı ilə görüşlər keçirmişəm, suallarına cavab vermişəm. Belə hesab edirəm ki, Bənəniyar, əhalisi mədəni, dindar olan gözəl bir kənddir. Onların haqqında yalnız xoş sözlər deyə bilərəm. Ancaq Bənəniyarda baş verən hadisələr mənim heç xoşuma gəlmədi. Bu hadisə Nardaranda baş verənləri xatırladır. Nardaran açıq-aşkar İran ETTELAAT-nın ocağıdır. Mən dəfələrlə bu barədə yazmışam, fikirlərimi bildirmişəm. İranın bir sıra təxribatçıları Nardarana gələrək camaat arasında təbliğat-təşviqat işləri aparır. Xüsusilə panfarsist ideologiyasını əhalinin beyninə yeridir. Təsəvvür edin ki, İran mollaları Nardaranda və bir çox kəndlərdə xürafatı, avamlığı təbliğ edir. Çalışırlar xalqımızın siyasi, milli süurunu öldürsünlər. İranın məqsədi odur ki, panfarsizm ideologiyasına əsaslanan islam inqilabını Azərbaycan Respublikasına ixrac edə bilsin. Bunun üçün təxribatçı mollalar burada çox geniş şəbəkələr yaratmaqdadır. Camaat arasında təbliğat-təşviqat kampaniyaları aparır, maddi-mənəvi cəhətdən onlara dəstək verir. “Xomeyni İmdad” cəmiyyəti evlərə girir. Evlərin içində belə bu işləri görürlər. 1-2 kq ərzaq kömək etməklə onları aldadırlar. Maddi çətinliklərindən istifadə edərək onları öz tərəflərinə çəkirlər. Mən elə başa düşürəm ki, Bənəniyar hadisəsi bu və ya başqa partiyalarla bağlı deyil. Bənəniyar hadisəsi Nardaran kimi İranın apardığı təbliğat-təşviqat işinin məntiqi nəticəsidir. Mənim aldığım məlumata görə, neçə illərdir ki, Bənəniyarda İran mollaları fəaliyyət göstərir. Nəyə görə dövlət səviyyəsində İran mollalarına şərait yaradılır? Azərbaycanda olan bir sıra məscidlər İran məscidlərinə bənzəyir. Bu məscidlərdə Azərbaycan dövlətinə qarşı, milli maraqlarımıza qarşı çox ziyanlı təbliğat işləri aparılır. Azərbaycanın Dini Qurumlarla İs Üzrə Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi buna qarşı heç bir tədbir görmur. Onların fəaliyyəti yox dərəcəsindədir. Mən bir sıra Bakı məscidlərində şahid olmuşam ki, İran mollaları açıq-aşkar Azərbaycan dövləti əleyhinə xoşagəlməz fikirlər, nalayiq sözlər danışır. Hətta bəziləri deyir ki, “baba, bura elə İranın özü deməkdir”.
- Bəs aidiyyatı orqanlar bütün bunları görmür? Nə üçün qarşı addımlar atılmır, həmin təxribatların qarşısı alınmır?
- Əlbəttə, bütün bu işlərə biganə yanaşılması çox acınacaqlıdır. Mən elə başa düşürəm ki, Bənəniyarda da İran bu işləri yerinə yetirir. Aldığım məlumatlara görə, hətta Bənəniyardan başqa kəndlərdə də İran mollaları təbliğat aparır, fars rejiminin mövqeyini müdafiə edirlər və.s. Eyni zamanda İranın “Xomeyni İmdad”, “Nicat” cəmiyyətləri və.s. bunlar Azərbaycanda İran şəbəkəsini genişləndirir. İran Azərbaycanın əleyhinə təbliğat-təşviqat kampaniyasının aparılmasına böyük maliyyə vəsaiti ayırır. Azərbaycanın bir sıra alimlərini, ziyalılarını, partiya üzvlərini, jurnalistləri, ruhaniləri öz tərəfinə çəkir. Gedib İran Mədəniyyət Mərkəzinə baxsanız, görərsiz ki, hər gün 15-20 Azərbaycan ziyalısı bura gəlib-gedir. Eyni zamanda bəlli olmayan bir sıra mərkəzlər var ki, bura gəlib-gedən insanların nə işlə məşğul olduğu məlum deyil. Azərbaycanda buna dövlət səviyyəsində nəzarət yox dərəcəsindədir. Buna laqeyd yanaşmaq olmaz. İdeoloji işlə bağlı ziyalılar səfəbər edilməlidir. İran dəllalarına, təxribatçılarına qarşı mübarizə aparmaq yalnız Milli Təhlükəsizlik orqanlarının, polisin işi deyil. Eyni zamanda Azərbaycan ziyalıları ideoloji sahədə mübarizəyə başlamalıdır. İran Mədəniyyət Mərkəzi “Unudulmuş qəhrəmanlar” adlı bir kitabı nəşr etdirib. Bu kitab fars dilindən Azərbaycan dilinə tərcumə olunaraq çap edilib və əhali arasında yayılmaqdadır. “Unudulmuş qəhrəmanlar” kitabı Azərbaycana qarşı başdan-başa düşmənçilik münasibətidir. Heç bir ziyalı, mətbuat, televiziya buna münasibət bildirmir. Akademiyanın ayrı-ayrı tədqiqat institutlarında heç kəs bu barədə söz demir. Universitetlərdə bu kitabın əleyhinə heç kim münasibət bildirmir. İranın Mədəniyyət Mərkəzi isə bu kitabı camaat arasında yaymaqda davam edir. Bu, düşmənçilikdir. Bəs bununla bağlı Azərbaycanın müəyyən orqanları niyə araşdırma aparmır? İş təkcə bu kitabla bitmir, Azərbaycanın əleyhinə İran Mədəniyyət Mərkəzi hər il çoxlu kitablar yayır. Bunlar müxtəlif universitetlərdə, məscidlərdə yayılır, hətta ayrı-ayrı ziyalılara hədiyyə kimi verilir. “Xomeyni İmdad” cəmiyyəti müxtəlif ərzaq, “sovqat”la yanaşı, bu kitabları da ailələrə hədiyyə kimi verir. Bütün bunlara niyə laqeyid yanaşılır? İrandan Azərbaycana sərbəst şəkildə kitablar gətirlir və “Əlfida” kitab mağazasında yayılır. Bəs bu kitabların Azərbaycana gətirilməsinə niyə icazə verilir? Kömrük niyə buna baxmır? Yaxşı yadımdadır ki, İrana gedəndə bir neçə kitablar aparırıdım, buna icazə verilmədi.
- Hətta şəfirə belə?
- Bəli, bizə imkan verilmirdi. Burda isə açıq-aşkar İranın qaragüruhçu qüvvələri fəaliyyət göstərir. Əslində İrandan gətirilən kitablar Dini Qurumlarla İş üzrə İdarənin icazəsi ilə gətirilməlidir. Ancaq aldığım məlumata görə, bu idarədə olan bəzi qüvvələr siyahı gətirilən kimi möhürü vurur. Bu, düşmənçilikdir. Azərbaycanın milli maraqlarına laqeyid münasibət bəsləmək deməkdir. Bu, o deməkdir ki, biz öz dövlətçilik mənafeyimizi ucuz tuturuq. Nə üçün Dini Qurumlarla İş üzrə İdarə buna öz münasibətini bildirmir? Bütün bunların nəticəsində Nardaran, Bənəniyar hadisələri baş vermişdir. Hələ bundan sonra da Azərbaycanda çoxlu “bənəniyarlı”, “nardaranlı” fəaliyyət göstərəcək. Bu haqda biz düşünməliyik. Mən bir dəfə oğlumu göndərdim ki, öyrənim, bunlar Nrdaranda nə işlə məşğuldur? Öyrəndim ki, Tehrandan Nardarana avtobus işləyir, şofer işləyən Nurəddin də tanıdığımız biri idi. Oğlumu görən kimi rəngi ağarıb. Bundan başqa mənə bildirdilər ki, Nardaranda farsca şüarlar yazılır, Azərbaycan əleyhinə təbliğat aparılır. Nardaranda molla adı altında İranın müxtəlif təxribatçıları fəaliyyət göstərir. Xalq arasında ciddi şəkildə dini xürafat, panfarsist ideologiyası yayılır. Nardaran, Bənəniyar hadisələrinin məntiqi nəticəsi bundan ibarətdir. Bənəniyar hadisəsi təsadüfi deyil, bu, qanunauyğun bir nəticədir. Ona görə ki, bizim dini idarələrimiz, elmi-tədqiqat institutları, universitetlər ideologiya ilə bağlı zəif fəaliyyət göstərir. İran ideologiyasına qarşı heç kəs münasibət bildirmək istəmir.
- Bəlkə Ziya Bünyadovun başına gələn aqibətdən qorxurlar? Dəfələrlə rast gəlmişik ki, Ziya Bünyadovun ölümü istisna olmaqla, digər məsələlərə aydınlıq gətirilməyib. İran rejimi başqa dövlətlərdə terror ocağı, şəbəkəsi yaradan bir rejimdir. Bizim ölkəmizdə xüsusi xidmət orqanları baş verə biləcək həm mənəvi, həm də cismani terror hadisələrinin qarşısını zamanında almırlar. Bu orqanlar müxtəlif sahələrə, hətta qəzetlərdə şəbəkə yaratmağa belə baş vururlar. Ancaq nədən İrandan gələn bu təhlükəli axının qarşısı alınmır?
- Əgər bir xalq qorxaqdırsa, miskindirsə, o, heç vaxt xoşbəxt olmayacaq. Elə adi insan da qorxaq, miskin, zavallıdırsa, heç vaxt arzusuna çatmayacaq. Xüsusilə də hər bir xalqın övladları öz xalqı uğrunda ağıllı işlər görməlidir. Görürsünüz ermənilər nələr edir? Dünyada ermənilərlə bağlı fikir mübadilələri aparılır. Biz isə Azərbaycanın özündə belə fikir mübadiləsi apara bilmirik, buna şərait yaradılmır. İki gündən bir İranın “Səhər” telekanalında mənim əleyhimə saatlarla danışırlar. Ancaq Azərbaycan televiziyası məni dəvət etmir ki, buna cavab verim. Mənə imkan verilmir. Bizdə deyirlər ki, İranla münasibətlərimizi pozmamaq üçün sakit oturmaq lazımdır. Sovet dövründə deyirdilər ki, ermənilər əleyhinə söz danışmaq olmaz, münasibətlərimiz pozular. Bunun axır nəticəsi nəyə çıxardısa, İran da buna cıxaracaq. Biz İrandan qorxuruqsa, onda özümüzü Azərbaycan türkü adlandırmayaq. Hər bir kəs öz xalqı uğrunda özünü qurban verməlidir, şəhid olmalıdır. Bu şəkildə olmaz. Mən Ziya Bünyadovun ölümündən bir il əvvəl 8 səhifə məktub yazıb, Xarici İşlər nazirliyinə göndərmişdim.
- Doğrudanmı? Həqiqətən belə bir məktubunuz olub?
- Əlbəttə olub. Məktubda bildirmişdim ki, İran Ziya Bünyadovu öldürmək üçün hazırlıq işləri aparır. Bundan başqa, Azərbaycanın digər müxtəlif təşkilatlarına da münasibətimi bildirdim. Ziya Bünyadovun işi ilə bağlı Respublika Prokurorluğuna məni dəvət etdilər ki, sizin də fikirləriniz var. Mən orada bildirdim ki, bununla bağlı bir il bundan öncə məktub yazmışam, niyə araşdırılmayıb? Niyə bunu aşkarlamadılar? Mənə dedilər ki, elə məktub ola bilməz. Bildirdim ki, Xarici İşlər nazirliyinin arxivindən tələb edin, gətirib göstərsinlər. Düz yarım saatdan sonra həmin məktubun sürətini gətirdilər və bütün prokurorluq vahiməyə düşdü. Mənə dedilər ki, məktubda bütün hər şeyi təsvir etmisən. Bunu mən nazirə demişdim, müxtəlif idarələrə demişdim, hətta Ziya Bünyadovun özünə də demişdim ki, İran sənin əleyhinə çox böyük işlər aparır, sizə qarşı böyük təxribat ola bilər. Mənə dedi ki, qorxma. Bu, belə də qaldı. Məhkəmə oldu, orda 45 dəqiqə çıxış etdim, münasibətimi bildirdim. O zaman “Meqapolis” qəzetində mənim iki səhifəlik müsahibəm dərc olunmuşdu. Orda qeyd etmişdim ki, mən İran rejimini akademik Ziya Bünyadovun öldürülməsində ittiham edirəm.
- Həmin vaxt İranda səfir vəzifəsində idiniz?
- Yox, artıq çıxıb gəlmişdim. Məsələ bundadır ki, İranın təxribatçıları, panfarsist qüvvələr, pozuculuq işləri ilə məşğul olan bəzi gizli təşkilatlar açıq-aşkar gəlib Azərbaycanda müxtəlif şəbəkələrə yerləşirlər. Azərbaycana qarşı çox böyük pozuculuq işləri aparılmaqdadır. Bəs bunun qarşısı niyə alınmır? İranın ideoloji pozuculuq işlərinə qarşı biz ayıq-sayıq olmalıyıq, sözümüzü deməliyik. İran açıq şəkildə ailələrə girir, insanların ürəyinə girir. Dövlətçiliyimiz niyə qorunmur? Dövlətçilik ancaq məddahlıqdan ibarət deyil. Eyni zamanda düşmənlərə qarşı açıq-aşkar mübarizə aparmalıyıq. Mənim Güney Azərbaycanla bağlı 700-800 məqaləm çap olunub. Əgər lazım olsa idi, İran indiyə kimi çoxdan öldürərdi. Heç kim məni qorumur. Azərbaycana qarşı pozuculuq işləri ilə məşğul olanlar var ki, mən onların bir çoxunu şəxsən tanıyıram. Bunlardan biri Əsgər Fərdidir. O, xüsusilə Naxçıvan Muxtar Respublikasına gedir, camaat arasında pozuculuq, təbliğat işləri aparır.
- Bu insanların qarşısını almaq mümkün deyilmi?
Ardı gələn saylarımızda – presspost.az − Hazırladı: Lalə Ramizqızı
Bu xəbər 1728 dəfə oxunub. |