“Türk-Erməni əlaqələri” layihəsinin rəhbəri Bakıya gələcək ( 08 Feb 2010 saat 15:03:57 )
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz fevral ayının 8-dən 11-dək Azərbaycanda səfərdə olacaq. SAM-ın mətbuat xidmətinin verdiyi məlumata görə, səfər çərçivəsində türkiyəli alim Azərbaycanın bir sıra rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Avrasiya regionu, Türkiyənin xarici siyasəti, Rusiya-Türkiyə münasibətləri üzrə tanınmış mütəxəssis Cem Oğuz 1997-2001-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi və layihə koordinatoru vəzifələrində çalışıb, erməni soyqırımı iddiaları ilə bağlı Rusiya, Almaniya, İsrail və digər ölkələrin arxivlərində tədqiqat işi aparıb. O, eləcə də XİN və Milli Təhlükəsizlik Şurasında “Türk-Erməni əlaqələri”, “Sözdə soyqırım iddiaları” adlı layihələr üzərində işləyib.
2000-2001-ci illərdə Avrasiya Strateji Araşdırmalar Mərkəzində Rusiya-Ukrayna şöbəsinin sədri olmuş C.Oğuz 1999-2002-ci illərdə Yeni Türkiyə Araşdırma və Yayım Mərkəzinin məsləhətçisi vəzifəsində də çalışıb. O, həmçinin Siyasi Strateji Araşdırmalar Mərkəzinin sədr köməkçisi (2003-2005), Beynəlxalq Münasibətlər Şurasının üzvü (2004-2006), Baş Qərargah Rəisliyinə bağlı Strateji Araşdırmalar Mərkəzinin xarici eksperti (2003-2009) olmuş, eləcə də BMT-nin və ATƏT-in bir sıra fəaliyyətlərinə qatılıb.
Cem Oğuz Türkiyənin qabaqcıl mətbu orqanlarının siyasi icmalçısı və köşə yazarı olmaqla yanaşı, bir çox elmi, publisistik, bədii monoqrafiya və məqalələrin müəllifidir.