Ukraynada seçkidə səslərin 95,76 faizi hesablanıb ( 08 Feb 2010 saat 15:12:19 )

Ukraynada keçirilən prezident seçkisinin ikinci turunun nəticələri namizədlər arasında çox az bir fərqlə mübarizə getdiyini göstərir. Ölkə üzrə protokolların 95.76 faizi hesablanıb.
Prezidentliyə namizədlərdən Viktor Yanukoviç 48.28, Yuliya Timoşenko isə 46.11 faiz səs toplayıb. Seçki komissiyasında artıq günün sonuna kimi növbəti prezidentin adının açıqlanmasının mümkün olacağını istisna etməyiblər. Nəticələr açıqlanmamış öz qələbəsini elan edən Viktor Yanukoviç bildirib ki, Baş nazir Timoşenko istefaya hazırlaşmalıdır. Rəqibi isə Yanukoviçi son protokol sayılana qədər özünü qalib elan etməməyə çağırıb.
Qeyd edək ki, namizədlər arasında faiz fərqi 2 faizdir. İkinci turda namizədlərdən birinin adi səs çoxluğu qazanması kifayət edir.
Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən ölkədə keçirilən prezident seçkisinin nəticələrinə lazım olarsa, məhkəmədə baxılacağı ilə bağlı fikirlər səsləndirilib. Komissiyanın məsul şəxsi Mixail Oxendovski bildirib ki, seçkidə hər hansı qanun pozuntusuna yol verilməyib. Ölkənin hazırkı baş naziri Yuliya Timoşenkonun seçki kampaniyası tərəfindən isə bildirilib ki, 1000-dən çox seçki məntəqəsində seçkilərin nəticəsi hesaba alınmayacaq. Timoşenkonun kampaniya sədri bunu ölkənin bir çox bölgələrində, xüsusən də şərq regionları olan Donetsk, Luqansk və digər regionlarda Yanukoviçin hakim olduğu seçki məntəqələrində Timoşenko tərəfdarlarının seçkiyə buraxılmaması ilə izah edib.
Baş nazir Yuliya Timoşenko isə bəyan edib ki, o, ikinci turdakı məğlubiyyəti ilə razılaşmır. Timoşenkonun sözlərinə görə, exit-polun nəticələri yalnız sosioloqların rəyidir. Timoşenko tərəfdarlarını hər bir səslərinə və hər bir protokollarına görə mübarizə aparmağa çağırıb.
"Biz hər bir protokolu sayacağıq. Əgər kimsə səslərin son hesablanmasına qədər kiminsə qalib gəldiyini elan etsə, bu yalnız insanları manipulyasiya etməkdir. Son bülleten hesablanana qədər hər hansısa bir nəticədən danışmaq tezdir".
Bu arada ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası və digər Qərb təşkilatları seçkinin beynəlxalq demokratik standartlara uyğun şəkildə keçdiyini təsdiqləyiblər. Avropa Şurası Parlament Assambleyasının seçkini müşahidə missiyasının rəhbəri Matiaş Erşi səsvermənin gedişini sakit və professional adlandırıb, saxtakarlıqla bağlı heç bir faktın qeydə alınmadığını bildirib.
Regionlar Partiyasının tərəfdarları isə liderləri Viktor Yanukoviçin seçkidə qələbəsini qeyd etmək üçün artıq Ukrayna Mərkəzi Seçki Komissiyasının binası qarşısına toplaşıblar. Onların sayının getdikcə artdığı bildirilir. Viktor Yanukoviçin tərəfdarlarının sayının axşamadək 10 mindən çox olacağı xəbər verilir. Onlar kütləvi mitinqin təşkili ilə bağlı Kiyev rəhbərliyini əvvəlcədən məlumatlandırıblar. Hüquq mühafizə orqanı əməkdaşları isə paytaxt Kiyevdə nəzarəti gücləndirib.
Bu xəbər 844 dəfə oxunub. |